Balakən sakininin həyətyanı sahəsində 1 002 ədəd çətənə kolu aşkarlanıb

Balakən rayon sakininə məxsus həyətyanı sahədə xüsusi kultivasiya üsulu ilə becərilmiş küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.

Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün Balakən RPŞ-nin əməkdaşları «Xaş-xaş 2013» şərti adı altında narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində 1962-ci il təvəllüdlü, Balakən rayonu Roçəhməd kənd sakini Ceerçiyev Mühöddin Ceerçi oğlunun yaşadığı evin həyətyanı sahəsində qarğıdalı əkilmiş ərazinin 0,12 hektar hissəsində xüsusi kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən hündürlüyü 1-2,5 metr olan, ümumi çəkisi 1,6 tona yaxın olmaqla 1 002 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar edilib.

M.Ceerçiyevə məxsus həyətyanı sahədə aşkar edilən narkotik tərkibli bitki yığılaraq maddi sübut kimi Balakən RPŞ-ə aparılıb. Balakən RPŞ-dən APA-ya o da bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə 40 fakt aşkarlanıb, bunlardan da 29 fakt narkotik tərkibli bitkilərin kultivasiya üsulu ilə əkilib becərilməsidir. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri