“Goldman Sachs” hava daşımalarına dair proqnozunu açıqlayıb




Koronavirusun (COVİD-19) yayılması üzündən 2020-ci ildə dünyada hava daşımaları 7 faiz azala bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Goldman Sachs” investisiya bankı proqnoz verib.

Qurumun aerokosmos və müdafiə sahələri üzrə baş eksperti Noah Poponak bu göstəricinin fevral – may ayları ərzində 15-45 faiz civarında azala biləcəyini irəli sürüb.

Bununla belə 2021-ci ildə hava daşımalarının 15 faiz artacağı güman olunur.

Ekspertin dediyinə görə, bu il koronavirusun səbəb olduğu azalmalar əvvəllər baş verən SARS xəstəliyinin yayılması, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror hücumları, 2008-ci ilin maliyyə böhranı kimi bənzər sarsıntıların fəsadlarına nisbətən daha böyük olacaq.

Qeyd edək ki, koronavirusun yayılması üzündən bir çox aviaşirkətlər uçuşların sayını azaltmaq planlarını açıqlayıb. Bəzi şirkətlər cari ilə olan maliyyə proqnozlarını azaldıblar. Fevralın 19-dan etibarən S&P 500 indeksi rekord yüksək həddindən 17 faiz, ABŞ aviaşirkətlərin isə səhmləri 30 faizədək düşüb.

Təyyarə sənayesinə gəlincə, ekspert “Boeing” şirkətinin 2022-ci ilin ikinci yarısında ayda 52 ədəd “737 Max” istehsalı səviyyəsinə çıxa biləcəyi, lakin “787” seriyalı təyyarələrin istehsalını ayda 8 ədədə endirməli olacağı, yalnız 2025-ci ildə aylıq 10 ədədə çıxacağı qənaətindədir.

Bununla yanaşı, biznes sinif təyyarələri istehsalının bu il 8 faiz, gələn ildə 5 faiz azalacağı, 2022-ci ildə isə əvvəlki səviyyəyə qayıdacağı qeyd olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri