Ticarət mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlandı


Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar açıqlanıb.

Bu barədə live.az Nazirlər Kabinetinin yanında Operativ Qərargahına istinadən məlumat verir.

Qeyd olunub ki, Operativ Qərargah tərəfindən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub.

Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir. Bu istiqamətdə müvafiq dövlət strukturları arasında aparılmış müzakirələr əsasında koronavirus infeksiyası ilə mübarizə çərçivəsində alış-veriş mərkəzlərinin fəaliyyətini tənzimləyən aşağıdakı qaydalar müəyyən olunur:

1. Əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;

2. Alış-veriş mərkəzlərində yerləşən ictimai iaşə obyektlərində (kafe və restoranlarda) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş profilaktik metodiki göstərişlərə (http://afsa.gov.az/uploads/info/warning/son_pdf158... riayət edilməsi;

3. Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);

4. Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;

5. Havalandırma sistemlərinin işlək olması;

6. Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;

7. İş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);

8. Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;

9. Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;

10. Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;

11. Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;

12. Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;

13. Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;

14. Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;

15. Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);

16. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;

17. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri