Nabranda istirahət mərkəzində baş verən faciə ilə bağlı 3 nəfər həbs olunub
- 28.07.2013, 20:46,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı 3 nəfər həbs olunub.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs olunanlar Xaçmaz rayonu, Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Xaçmaz rayonu, Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir.
Qeyd edək ki, hadisədən sonra Respublika Baş Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda iş üzrə istintaq davam etdirilir.