Təhsil Nazirliyindən vətəndaşlara müraciət


"Sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır".

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.  

O qeyd edib ki, təhsillə bağlı xəbərlər adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir: "Çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var. Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin rəsmi saytından “skrinşotlar” və s. yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb".

Nazirlik rəsmisi əlavə edib ki, bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb:

"Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:

1. İnternetə çıxışın olması;

2. Vicdanın olmaması.

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feysbuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlarda kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm".



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri