Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb
- 09.04.2020, 20:33,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən mediaya verilən məlumata görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib:
"2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.
Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.
Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb".