“İqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”.
Live.az Report istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır:
“Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir.
Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”-deyə, Prezident İlham Əliyev əlavə edib.