Bu günədək 165 min işsizə birdəfəlik ödəniş edilib



İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmənin verilməsi işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək.

Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə 9-18 apreldə 165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Ödənişlər gündəlik əsasda davam edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri