Mayın 9-da bərpası planlaşdırılan Almaniya Bundesliqasında koronavirus təhlükəsi ilə əlaqədar sərt qaydalar işə düşəcək.
Live.az.az xəbər verir ki, report-un "Daily Mail"ə istinadən verdiyi məlumatına görə, qaydalar Almaniya Futbol İttifaqı (DFB) və Almaniya Futbol Liqasının (DFL) birgə hazırladıqları sənəddə əksini tapıb. Bildirilir ki, oyunçular ya komandaların otellərində, ya da öz evlərində qala bilərlər. Amma qarşı tərəfdə virus simptomları varsa, cinsi əlaqə və ya öpüşmək olmaz. Diş pastaları, dəsmal, qab-qacaq, içkilər və adyallar ayrı olmalıdır.
Stadionlara isə 300-dək şəxs buraxıla bilər. Həmin şəxslərdən 4-ü polis, 4-ü topdaşıyan uşaq, 8-i ot xidmətçisi, 10-u jurnalist və 50-si təhlükəsizlik xidməti işçisi olmalıdır.
Bütün komandalar ilk məşqdən əvvəl, biri oyunöncəsi olmaqla, həftədə iki dəfə testdən keçməlidir. Bu hal mövsümün sonunadək davam etməlidir. Gigiyena üzrə əməkdaş isə onlarda heç bir simptomun olmadığını təsdiqləməlidir. Mətbəxdə yeməyə icazə verilməyəcək, yeməyi aparmaq lazım gələcək. Yeməklər əvvəlcədən komandanın şef-aşpazı tərəfindən hazırlanmalı və yalnız fərdi su qablarından istifadə olunmalıdır.
Oyunçulara duş qəbulu və paltardəyişməni evdə etmələri tövsiyə olunacaq. Onlar şəxsi əşyalarını və ayaqqabılarını yuyucu maşına qoymalıdırlar.
Komandalar oyunlara futbolçular arasında məsafənin gözlənilməsi üçün bir neçə avtobusda gəlməlidirlər. Oyunçular maskada olmalı, avtobuslar isə stadionun girişində dezinfeksiya edilməlidir. Hər bir komanda müxtəlif vaxtlarda gəlib-getməlidir. Ev qarşılaşmalarına isə futbolçular öz maşınlarında gəlməlidirlər.
Onların bədən temperaturları qulaq termometrləri vasitəsilə ölçülməli, hər bir otaq dezinfeksiya edilməli, qapılar isə açıq saxlanılmalıdır.
Futbolçuların paltardəyişmə otaqlarında qalmaları minimuma endirilməli, aralarında 2 metrlik məsafə olmalı, futbolçular tək-tək duş qəbul etməlidirlər.
İki komandanın tuneldə eyni vaxtda olmasına icazə verilməyəcək və meydana çıxdıqdan sonra düzülüş, komanda vımpellərinin dəyişdirilməsi, əlsıxma, yan-yana durma halları olmayacaq. Ehtiyat oyunçular skamyada bir-birilərindən iki-üç oturacaq aralıda olmalı, lazım gəlsə, bəziləri tribunada oturmalıdırlar. Görüşdən sonra müsahibələr isə qarışıq zonaya girmədən minimum sayda olmalıdır.
Komandalar otellərə və nömrələrə ayrıca giriş, liftlə daxil olmalıdırlar. Onlar otelin digər sakinləri ilə təmasa girməməli və iki metrlik məsafəni gözləməlidirlər.