İctimai nəqliyyatda pandemiya dövründə işçilərin və sərnişinlərin daşınma qaydası ilə bağlı təlimatlar hazırlanıb.
Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədiilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Ona görə də ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır. Bu səbəbdən sərnişindaşımanın fasiləsizliyinin təmini uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılması olduqca vacibdir.
Eyni zamanda işçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalı, işəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidir.
İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməli, dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməli, bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.
Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadəedən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.
Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalı, sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.
Təmizlik-dezinfeksiya işləri növbəyə çıxdıqda və sonda tam olaraq,
hər iki saatdan bir sərnişinlərin tez-tez toxunduğu səthlərdə icra olunmalıdır.
Dezinfeksiya edilməsi vacib olan sahələrə gəlincə, bura giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər), qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər), tutacaqlar (spirt tərkibli məhlul və ya digər), döşəmələr/platformalar (xlor tərkibli məhlul və ya digər), ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər), eskalatorlar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər) və ictimai nəqliyyatın pəncərələri (spirt tərkibli məhlul və ya digər) aiddir.