Avtobus kartları sentyabrdan tədbiq ediləcək

Avtobus kartları sentyabrdan tədbiq ediləcək Azərbaycanın nəqliyyat sektorunda vahid ödəniş kartları sisteminin tətbiqinə bu ilin sentyabr ayında başlanacaq. Bu sistem ilkin mərhələdə Bakı şəhəri ərazisində hərəkət edən 1 000 sərnişin avtobusuna tətbiq olunacaq. Bunu APA-nın açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.


Onun sözlərinə görə, ilkin olaraq iyun ayında 500 avtobusda vahid kart sisteminin tətbiq edilməsi məsələsi nəzərdən keçirilsə də, faktiki olaraq paytaxtda xəttə 2 000-dən çox avtobusun çıxarıldığını nəzərə alınaraq, bu rəqəmin artırılması qərarı verildi.


Nazirlik rəsmisi qeyd edib ki, vahid ödəniş kartları bank məhsulu olacaq və əhali üçün istifadəyə ən azı 1 mln. ədəd belə kart buraxılacaq. Kartların satış qiyməti 1 manat olacaq və həmin kartlara vəsaiti onların satıldığı yerdə yükləmək mümkün olacaq: «Vətəndaşlar karta istədikləri məbləğdə pul yükləyib, onu metro, ticarət və ictimai iaşə obyektləri, bir sözlə hər yerdə ödəniş vasitəsi kimi istifadə edə biləcəklər».


N.Həsənovun sözlərinə görə, bu sistemin həyata keçirilməsində Nazirliklə əməkdaşlıq etmək üçün artıq bir sıra kommersiya bankları maraq göstərdiklərini bildiriblr: «Bu nəqliyyat kartlarının tətbiq olunmasında məqsəd dəqiq uçot aparmaq, şəffaflığı təmin etməkdən ibarətdir. Bir çoxları bu kartların maaş kartı ilə əvəz olunacağını düşünürdülər. Amma qeyd edim ki, nəqliyyat kartı maaş kartından üstün olacaq, onu hər yerdə istifadə etmək mümkün olacaq. Gələcəkdə isə bu kartların maaş kartlarına transfert edilməsi də mümkün ola bilər».


Qeyd edək ki, bankların köməkliyi ilə müvafiq onlayn ödəniş sistemini Türkiyənin «Asis» şirkəti hazırlayır. Kartlar ən azı 5 000 min ödəniş məntəqəsində satılacaq. İlk vaxtlar sənrişin nəqliyyat sistemində nağd ödənişlər də qüvvədə qalacaq: «Məsələn, sərnişinin ödəniş kartı olmadıqda, gediş haqqını sürücüyə nağd şəkildə təqdim edib, onun ehtiyat kartı ilə ödənişini reallaşdıra biləcək».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri