Azərbaycanın daşınmaz əmlak bazarında 2012-ci ilin avqust ayından başlayan qiymət artımı bu ilin martında da davam edib.
APA-nın məlumatına görə, bu barədə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi 2013-cü ilin mart ayında Bakı şəhərinin ilkin mənzil bazarında növbəti araşdırmanın nəticələri əsasında bildirib.
Birliyin məlumatına görə, artım həm qiymət, həm də bağlanan əqdlərin sayında müşahidə edilib. «Burada mövsümi amillərin rolu böyük olsa da, qiymət artımına ipoteka kreditləri bazarının işləməsi (dolayısı yolla bu seqmentə təsiri), tikinti şirkətlərinin kredit portfelinin həcmini artırması, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nağd vəsaitlər əldə edən əhalinin alıcılıq qabiliyyətinin artması da təsir göstərib», - deyə məlumatda bildirilir. Nəticədə, alqı-satqı agentliklərinə müraciətlərin sayında və bağlanan əqdlərdə artım müşahidə edilib.
Beləliklə, son ayın araşdırmasına nəzərə salsaq, martda təklif portfelində orta qiymətdən yuxarı məbləğə satışa çıxarılan mənzillərin payı artıb. Mart ayında paytaxt ərazisində 2 yaşayış binasının bünövrəsi qoyulub və satışa çıxarılıb. Binalardan biri 3 bloklu 15 mərtəbəli olmaqla «Azinko Holding» tərəfindən Nəsimi rayonu ərazisində Ş.Əzizbəyov və Mərdanov qardaşları küçəsində (keçmiş Bakı şəhər Baş Polis İdarəsinin yerində), digəri isə Xətai rayonu, Nobel prospekti,15 ünvanında «Yeni Həyat» («Azure» kompleksi) şirkəti tərəfindən satışa çıxarılıb.
Satışdan çıxan binalar arasında isə 16 mərtəbəli bir bloklu yaşayış binası Nizami rayonu ərazisində qeydə alınıb. Beləliklə, ötən ay araşdırılan 402 binanın sayı mart ayında 400 olub. Tikinti şirkətlərinin sayı əvvəlki aydakı kimi 135 ədəd olaraq qalıb.
Məlumatda bildirilir ki, qiymət artımına bir çox amillərlə yanaşı, tikintinin həcminin azalması nəticəsində ucuz qiymətli və keyfiyyətli mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində payının artması səbəb olub.
Nəticədə, mart ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metrin orta qiymət göstəricisi əvvəlki aydakı 853,6 manata qarşı 0,5% artaraq 857,8 manata çatıb. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 5,2%, ötən ilə nisbətdə isə 4,4% artımla yadda qalıb.
Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 28,2% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv. metr mənzilin qiyməti 1 194 manat olub.
Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyur. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3-ni təşkil edir. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.