Azərbaycanda şəhər mərkəzində ayı yuxuya gedib“Ən son məlumata görə ayı yuxuya gedib. Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılayıb təmkinli olsunlar”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O xatırladıb ki, vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir:
“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.
Ayı Altıağac Milli Parkına aparılacaqŞəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
"Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman müşahidə olunur. Qeyd edək ki, qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülür”- deyə rəis müavini bildirib.
Azərbaycanda şəhər mərkəzində ayı görünübBu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.
Live.az-ın məlumatına görə, bu barədə "Report"a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".