Gəncə şəhərinin sərhədləri dəqiqləşdirilir

Gəncə şəhərinin sərhədləri dəqiqləşdirilir Gəncə şəhərinin yeni sərhədləri ilə qonşu ərazi vahidləri arasında mərc nişanları yerləşdirilir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin müdiri Fədayıl Səlimov bildirib ki, bu ilin fevral ayında prezidentinin sərəncamı ilə Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarının sərhədlərinə qismən dəyişiklik edilib.

Yeni sərəncama əsasən, Gəncəyə 2694 hektar torpaq əlavə edilərək şəhərin sahəsi 12 497 hektara çatdırılıb: “Gəncənin sonuncu baş planı 1970-ci ildə qəbul edilmişdi. O zaman əhalinin sayı az idi. Son 40 ildə demək olar ki, Gəncə öz daxilində inkişaf edirdi. Amma sərhədlər genişlənəndən sonra şəhər daha da genişlənib inkişaf etməyə başlayır”.

F.Səlimovun sözlərinə görə, Daşkəsəndən 92,29 hektar, Samuxdan 657,24 hektar, Göygöldən 1900 hektar, Goranboydan isə 44, 6 hektar torpaq sahəsi Gəncənin ərazisinə daxil edilib.

Gəncənin müxtəlif ərazi vahidləri ilə sərhədlərinin təhvil təslim işləri artıq sona çatır. F.Səlimovun bildirdiyinə görə, şəhərlə kəsişən ərazi vahidləri arasında 17 ədəd mərc nişanları yerləşdiriləcək.

Qeyd edək ki, hazırda Gəncədə 323 364 nəfər yaşayır. Şəhərin ümumi sahəsinin 12 497 hektar olduğunu nəzərə alsaq, onda hər nəfərə Gəncədə 386 kvadratmetr (3,86 sot) torpaq sahəsi düşür.



APA, LiVe.Az
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri