Bundesliqa: “Bavariya” ardıcıl 9-cu qələbəsini qazandı



Futbol üzrə Almaniya Bundesliqasında XXX turun mərkəzi görüşündə "Bayer" və "Bavariya” komandaları üz-üzə gəlib.

Leverkuzendəki "BayArena"da keçirilmiş görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 10-ci dəqiqədə “Bayer”in hücumçusu Lukas Alario açıb. Bundan sonra "Bavariya" ard-arda 4 qol vurub. Kinqsli Koman 27-ci, Leon Qoretska 42-ci, Serj Qnabri 45-ci, Robert Levandovski 66-cı dəqiqədə fərqlənib. Levandovski mövsüm ərzində bütün yarışlarda 44-cü qolunu vuraraq, fərdi məhsuldarlıq rekordunu yeniləyib.

Oyunda son nöqtəni isə “Bayer”in hücumameylli yarımmüdafiəçisi Florian Virts 89-cu dəqiqədə qoyub. Virts 17 yaş 1 ay 3 günündə fərqlənərək, Bundesliqada ən gənc qol müəllifinə çevrilib. Bundan əvvəlki rekord 25 noyabr 2005-ci ildə Dortmund "Borussiya"sında ikən fərqlənmiş Nuri Şahinə məxsus idi. Türkiyə millisinin sabiq yarımmüdafiəçisi 17 yaş 2 ay 20 günündə "Nürnberq"i məyus etmişdi.

Beləliklə, “Bavariya” ardıcıl 9-cu qələbəsini qazanaraq, xalını 70-ə çatdırıb və liderliyini daha da möhkəmlədib.
Şərhlər
İdman bölməsinin xəbərləri