«BP-Azerbaijan»: Ötən il «Şahdəniz»də 7,7 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat hasil olunub
- 30.07.2013, 16:02,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında təxminən 7,73 mlrd. kubmetr həcmində qaz və 2 mln. ton kondensat hasil edilib. APA-nın məlumatına görə, bu barədə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətinin hazırladığı son illik hesabatında bildirilir.
Sənədə əsasən, 2012-ci ilin may ayında «Şahdəniz»də ilk dəfə beş quyudan hasilata başlanılıb və 2006-cı ilin sonunda yataqda hasilat başlanandan 2012-ci ilin sonunadək yerli və beynəlxalq bazarlara 37,6 mlrd. kubmetr qaz, eləcə də 10,1 mln. ton kondensat ixrac edilib.
Yatağın işlənməsi layihəsinin ilk mərhələsi indi hasilatın ən yüksək sabit səviyyəsindədir. Hasilat obyektləri maksimum gücü ilə işləyərək bazarda tələbat olduqca gündə 27,3 mln. kubmetr qaz və 55 min barel kondensat hasil edir.
Hesabat ilində «Şahdəniz» üzrə məcmu əməliyyat xərcləri 269,3 mln. dollar, əsaslı xərclər isə 1,1 mlrd. dollar olub. Bu il isə əməliyyat xərclərinin 222 mln. dollar, əsaslı xərclərin isə 2,67 mlrd. dollar olacağı gözlənilir.
İkinci mərhələ isə Azərbaycandan Avropa və Türkiyəyə qaz çatdıracaq nəhəng bir layihədir. Bu, yeni bir Cənub Qaz Dəhlizi açmaqla Avropa bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini gücləndirəcək. Nəticədə, ilk mərhələ çərçivəsində ixrac olunan illik 9 mlrd. kubmetr qaza daha 16 mlrd. kubmetr qaz əlavə olunacağı gözlənilir.