"Royal Bank"ın sabiq filial müdiri və digərlərinin işi ilə bağlı Ali Məhkəməyə şikayət edilib

Bakı Apellyasiya Məhkəməsində "Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov və digər şəxslərin apellyasiya şikayətləri və istintaq orqanının apellyasiya protesti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması, maddi sübutların yenidən araşdırılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə vəkillər Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, "Royal Bank" ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov, filialın xəzinədarı Rasif Əliyev, mütəxəssisi Ayaz Şirəliyev və qeyriləri qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Digər təqsirləndirilən şəxslər Rauf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.

Hökmdən narazı qalan istintaq orqanı cəzaların ağırlaşdırılması üçün apellyasiya protesti ilə, təqsirləndirilən şəxslər isə cəzaların yüngülləşdirilməsi üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri