Böyük Britaniyanın dövlət borcu ÜDM-ni ötüb


Böyük Britaniyanın dövlət borcunun həcmi son 57 ildə ilk dəfə olaraq ÜDM həcmini üstələyib.

 Milli Statistika Ofisinin (ONS) məlumatına görə, son vaxtlar koronavirus pandemiyası ilə bağlı sahibkarlığa dəstək tədbirlərinin təsiri ilə ölkənin dövlət borcu son bir ildə 173,2 milyard funt artaraq 1950 milyard funt (2421 milyard ABŞ dolları) səviyyəsinə çatıb ki, bu da 2019-cu ilin may ayına nisbətən 20,5 faiz bəndi artıqdır.

“May ayının sonunda dövlət borcunun həcmi ÜDM-nin 100,9 faizini təşkil edib. İlk dəfə olaraq borcun həcmi ÜDM həcminin 100 faizini 1963-cü ilin mart ayında başa çatan maliyyə ilində ötmüşdü”, – ONS hesabatında qeyd olunur.

May ayında dövlətin aldığı borclar 55,2 milyard funt təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 49,6 milyard funt çoxdur. Dövlət büdcəsinin mədaxili isə ötən ilin may ayına nisbətən 28,4 faiz azalaraq 40,7 milyard funt olub.

Ötən həftə Maliyyə Nazirliyi bildirib ki, sahibkarlığa, bütövlükdə əhaliyə dəstək tədbirləri üçün dövlət büdcəsindən cəmi 110 milyard funtdan artıq vəsait sərf edilib. Yeni koronavirus pandemiyası başlayandan bu yana ölkə sahibkarlarına 33 milyard funtan artıq borc və kreditlər ayrılıb.

Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 300 mindən çox, ölənlərin sayı da 42,2 mindir.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri