“Bakı Metropoliteni” ötən il bağlanmış banklardakı pulunu ala bilməyib



“Bakı Metropoliteni” ötən il bağlanmış banklardakı pulunu ala bilməyib


2019-cu ildə “Bakı Metropoliteni” QSC lisenziyası ləğv edilmiş 2 bankdakı pulunu ala bilməyib.

LIVE.az-ın məlumatına görə,  bu barədə report qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəlinə metronun “Texnika Bank” ASC-dəki vəsaitlərinin məbləği 1 563 289 manat, “Bank Standard” QSC-dəki vəsaitlərinin məbləği isə 2 145 793 manat təşkil edib. Bu da ötən ilin əvvəli ilə müqayisədə eynidir.

“Texnika Bank”dakı vəsaitlər Azərbaycan manatı, “Bank Standard”dakı vəsaitlər isə ABŞ dolları ilə yerləşdirilib.

“Ləğv prosesində olan bankların öhdəliklərini məhkəmənin təyin edəcəyi ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək”, - deyə hesabatda qeyd olunub.


///

“Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb

“Bakı Metropoliteni” QSC 2019-cu ili 55,1 milyon manat zərərlə başa vurub.

Bu, 2018-ci illə müqayisədə 0,4% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 12,9% artaraq 481,7 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 68,9 milyon manat (əvvəlki ilə nisbətən 27,2% çox), dövlət büdcəsindən aldığı dotasiya 49,4 milyon manat (1,2% çox), sair əməliyyat gəlirləri 5,7 milyon manat (1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,4 milyon manat (3,95% az), istifadə etdiyi neft məhsullarının dəyəri 622 min manat (33,2% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,2 milyon manat (1,7% az), istifadə etdiyi qazın dəyəri 172 min manat (23,6% az), istifadə etdiyi suyun dəyəri 4,1 milyon manat (0,2% çox), işçi heyəti üzrə xərcləri 46,1 milyon manat (4,3% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 95,8 milyon manat (12,55% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 162 min manat (31,7% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 460 min manat (44,8% az), digər xərcləri 9,3 milyon manat (35,85% çox), sair əməliyyat xərcləri isə 4,8 milyon manat (31,7% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 451,8 milyon manat olub ki, bu da illik müqayisədə 1,75% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,3% azalaraq 54 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 2 397,7 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,6% artaraq 2 879,4 milyon manata çatıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri