Moskva bazarlarında iki gün ərzində 1000-dən çox insan saxlanılıb

Moskvada bazarlarında həyata keçirilən profilaktik əməliyyat tədbirləri çərçivəsində 1000-dən çox insan saxlanılıb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu gün kriminalistik məlumat bazasında yoxlanılması məqsədilə Rusiya paytaxtının polis şöbələrinə 530 şəxs gətirilib. Onlardan barmaq izləri götürülüb, bir neçə şəxs barəsində inzibati xətalara yol verdikləri üçün protokollar tərtib olunub.

Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, ötən gün isə Moskvanın qərbindəki 3 bazarda 470 şəxs saxlanılıb. Qeyd edək ki, əməliyyat zamanı qafqazlı və orta asiyalı görkəmində olan bütün şəxslər saxlanılır.

Qeyd edək ki, ötən şənbə Moskvanın “Matveevski” bazarında polis şübhəli şəxsi - Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfər onlara hücum edib. Nəticədə polis əməkdaşlarından biri başından ağır zərbə alıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən sonra Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən bütün paytaxt bazarlarında profilaktik əməliyyat tədbirlərinin həyata keçirilməsi göstəriş verilib.

Bazarda polislərin saxlamaq istədiyi Maqomed Rəsulov yetkinlik yaşına çatmayan qızı zorlamaqda şübhəli bilinir. O və onun yoldaşı Həlimət Rəsulova artıq həbs olunublar.

Moskva bazarlarında profilaktik əməliyyat tədbirlərinin bundan sonrada davam edəcəyi bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri