BDYPİ sərtləşdirilmiş karantin rejimində avtomobillərin texniki baxışdan keçməsi məsələsinə aydınlıq gətirib
- 06.07.2020, 15:46,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avtomobillərin texniki baxışdan keçmə müddətinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, avtomobillərin texniki baxışdan keçməsi üçün SMS-lə icazə alınması nəzərdə tutulmayıb.
Bununla belə, K. Əliyev deyib ki, “icaze.e-gov.az” portalında kifayət qədər şəxsə nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilib. Həmin şəxslər öz avtomobillərini texniki baxışdan keçirə bilərlər. “icaze.e-gov.az” portalında nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilmiş şəxslər istisna ilə, digər şəxslərə gəlincə, BDYPİ rəsmisinin sözlərinə görə, belə şəxslərin avtomobilləri saxlanan zaman məsələ araşdırılacaq: “Müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimindən əvvəlki vaxtlara təsadüf edir, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. Həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təsadüf etdikdə isə, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunmayacaq. Eləcə də ölkənin sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarında yaşayan, ancaq avtomobillərini sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə getmək məcburiyyətində olan vətəndaşlar da məsuliyyətə cəlb olunmayacaqlar. Çünki həmin ərazilərə onların giriş-çıxışına icazə verilmir. Yəni sərtləşdirilmiş xüsusi karantin rejimində SMS-lə icazə alınaraq avtomobillərin texniki baxışdan keçirilməsi nəzərdə tutulmadığı üçün həmin şəxslər narahat olmasınlar”.
BDYPİ-nin şöbə rəisi onu da qeyd edib ki, hələ aprel ayının əvvəlindən xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin aşkarlanması prosesi dayandırılıb: “Avtomobil əməkdaş tərəfindən saxlanılan zaman müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçirilməsinə imkan olub, ancaq texniki baxışdan keçirilməyib, o halda avtomobil sahibi məsuliyyətə cəlb olunacaq ”.
K. Əliyev nəzərə çatdırıb ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinin yaxınlığında yaşayan insanlar isə avtomobillərini texniki baxışdan keçirə bilərlər: “Avtomobilin texniki baxışdan keçməsi üçün 15 dəqiqə vaxt tələb olunur. Yaxınlıqda yaşayan insanlar öz istəklərindən asılı olaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər. Yəni bu insanların Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə gedib-gəlməsi 1 saat tələb edirsə, avtomobillərini texniki baxışdan keçirə bilərlər. Qeydiyyat, imtahan və texniki baxış şöbələrindəki polis əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət aparırlar”.