TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşası çərçivəsində İtaliya ərazisində test rejimində qazın vurulmasın gələn ay başlanılacaq.

 APA-nin İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, avqust ayında ilk qaz Albaniyadan İtaliyanın San-Bazilio bölgəsindəki Salentoya çatacaq.

Məlumata əsasən, sınaqlar başa çatdıqdan sonra qaz qrafikə uyğun olaraq 2020-ci ildə tədarük müqavilələri imzalayan müştərilərə çatdırılacaq.

Xatırladaq ki, Albaniya ərazisində test rejimində qazın vurulmasına bu ilin may ayında start verilib. Əsas məqsəd  infrastrukturun tamamilə təhlükəsiz və istismara hazır olmasını təmin etməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. Aprel ayının axırına olan məlumata əsasən, kəmərin inşa işləri 96% yekunlaşıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri