Gömrükdəki idxal-ixrac əməliyyatlarının altı aylıq statistikası
- 16.07.2020, 12:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Pandemiya dövründə bizim xidmətin qarşısında duran əsas vəzifələrdən biri ticarətin, həm tranzit, həm idxal, həm ixrac əməliyyatlarımızın əvvəlki illərdə olduğu kimi problemsiz təşkilindən gedir. Bu sahədə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində tranzit potensialımız altı ayda keçən ilin müvafiq dövrünə nisbətən 8 mindən çox nəqliyyat vasitəsi artmışdır”.
Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, idxal əməliyyatları üzrə 5 min nəqliyyat vasitəsinin artımı müşahidə olunub. Həm ixrac və idxal, həm də tranzit əlaqələr qorunub saxlanılıb:
“Ticarət həcmimiz idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edir və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatlarımız isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və ixracın strukturuna baxdığımız zaman pandemiyadan asılı olaraq müəyyən dəyişikliklərin baş verdiyini görərik.
Cənab Prezident, məruzə edərək bildirmək istəyirəm ki, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid olan neft, neft məhsulları, sürtkü yağları və yanacaq vasitələri olmuşdur ki, bu da 67 faiz azalma təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında 66 milyon manat azalma bu pozisiyada olub. İkinci yerdə 86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu avadanlıqları 35 milyon manat azalmışdır və büdcə daxilolmalarında bu mövqe üzərində 89 faiz azalma baş vermişdir. Ümumilikdə nəqliyyat vasitələri, maşın və mexanizmlərin gətirilməsi sahəsində, tütün məmulatlarında da 50 milyon manat həcmində azalma olmuşdur. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər nəticəsində idxalın ərzaq məhsulları üzrə artımı hesabına 34 faizə qədər artım əldə edilib.
Cənab Prezident, idxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da Sizin kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində apardığınız uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”-deyə, Komitə sədri bildirib.
Report