Mərkəzi Bankın sədri: “Ölkənin ticarət balansı profisitlidir”


“Cari ilin mart ayından başlayaraq, iqtisadiyyatımız presedenti olmayan xarici şoklarla üzləşmişdir. Lakin son illərdə Sizin rəhbərliyinizlə ölkədə makroiqtisadi dayanıqlılığın yüksəldilməsi, həyata keçirilən islahatlar və pandemiyadan irəli gələn çağırışlara vaxtında və tam adekvat cavab verilməsi situasiyanı effektli idarəetməyə imkan yaradıb. Makroiqtisadi situasiya, maliyyə bazarları da bu çağırışlara məruz qalıb”.

LİVE.az report-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, neftin qiymətində, qeyd olunduğu kimi, əhəmiyyətli düşmə baş verib, lakin “OPEC+” razılaşmasından sonra neft bazarlarında əhval-ruhiyyə bir qədər yaxşılaşdı, neftin qiyməti yüksəlməyə başladı. Altı ayın ilkin yekunlarına görə, ölkənin ticarət balansı profisitlidir.

“Birinci rübdə strateji ehtiyatlarımız bir qədər azalsa da, ikinci rübdən bərpa prosesi sürətləndi. Hazırda bizim strateji valyuta ehtiyatlarımız demək olar ki, ilin əvvəlinə olan səviyyədədir. Xarici şok şəraitində bizim valyuta bazarımız əhəmiyyətli spekulyativ hücuma məruz qaldı. Lakin vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarı tarazlaşmışdır.

Bu gün bunun hər iki seqmenti – həm nağd, həm də qeyri-nağd hissəsi tam sabit və tarazlı səviyyədə fəaliyyət göstərir. İlin ilk 5 ayında 2,9 faizlik inflyasiya səviyyəsi var. Aparılan sorğular göstərir ki, həm əhalinin, həm də biznesin inflyasiya göstəriciləri sabitləşib, aşağı düşüb.

2020-ci ilin sonunda bizim inflyasiya proqnozumuz 3-3,5 faiz səviyyəsindədir ki, bu da bizim və hökumətin proqnozlarından aşağıdır. Pul-kredit siyasətinin, faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir. İlin əvvəlindən faiz dərəcəsi 7,5 faizdən 7 faizə endirilib”.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri