Arxitektura Komitəsi qanunsuz tikinti işləri aparılan ərazini nəzarətə götürdü
- 21.07.2020, 17:29,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsinin sahilində son günlər ərzində aparılmış torpaq planlaşdırma işləri ilə bağlı sosial media və mətbuatda yer almış məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən operativ qaydada araşdırılıb.
Bu barədə “Report”a Komitədən bildirilib.
Müəyyən edilib ki, sözügedən ərazidə hər hansı tikinti niyyəti ilə bağlı Komitəyə müraciət daxil olmayıb və həmin sahədə tikintiyə icazə icraatı həyata keçirilmir. Bununla bağlı Komitə tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti ilə təcili əlaqə yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazidə aparılan işlərin dayandırılması, texnikanın ərazidən çıxarılması təmin edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, həmin ərazini nəzarətə götürüb və Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə, habelə ətrafda yaşayan sakinlərin mənafelərinə zidd olan hər hansı tikinti işlərinin aparılmasına yol verilməyəcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır və müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılmasının qadağan olduğunu diqqətə çatdırır.