Baş Prokurorluq son dövrlər Azərbaycanda baş verən cinayət işlərinə qiymət verib

Baş Prokurorluq son dövrlər Azərbaycanda baş verən cinayət işlərinə qiymət verib Azərbaycanda cinayətlərin sayı 2011-ci ildə 11953-dən 2012-ci ilə 10959-dək azalıb. Əvvəlki illərlə müqayisədə bu ilin birinci yarısında soyğunçuluq hadisələri 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayətlər 17,3 faiz azalıb. Əvvəlki illərdə ən azı 500-600 qəsdən adamöldürmə cinayətləri qeydə alınırdı. Son illər 180-190 qəsdən adamöldürmə hadisəsi baş verib. Əvvəlki illərdə bu cinayətlərin 200-250-si açılmırdısa, son illər bu rəqəm 15-16-ya enib. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5 iş açılmayıb. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirib.

DSK sədrləri qarşısında "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda çıxış edən Rüstəm Usubov 2013-cü ilin ilk yarım ili ərzində Baş Prokurorluğun, o cümlədən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti barədə məlumat verib.

R.Usubovun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilib və ciddi nailiyyətlər əldə olunub. Məhz görülən bu işlərin nəticəsidir ki, rəyi soruşulan respondentlərin 68 faizi korrupsiya ilə mübarizə sahəsində görülən işləri təqdirəlayiq hesab edib, 73 faizi isə ölkədə korrupsiyanın səviyysənin artmadığını bildiriblər: "Biz daha fəal olmalıyıq korrupsiya və rüşvətxorluq üçün meydanı maksiumum dərəcə daraltmalıyıq."

Korrupsiyaya qarşı görülən preventiv tədbirlər nəticəsində Baş Prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və şəffaflığın tətbiqi sahəsində ciddi işlər görülüb.

O qeyd edib ki, "Baş prokurorluqda yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində görülən işlər müsbət dəyərləndirilir. Baş prokuror tərəfindən prokurorluq orqanlarında yaradılmış "Elektron sənəd dövriyyəsi" sisteminin daha da təkmilləşdirilməsi və texniki imkanların artırılması vacibdir".

R.Usubov bildirib ki, Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilmiş iclasında dövlət başçısı cənab İlham Əliyevin elektron sistemə keçidin zəruriliyi barədə verdiyi göstərişlərə müvafiq olaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Daha sonra Rüstəm Usubov bildirib ki, Bakı Şəhər Prokurorluğu orqanları və respublika ərazisində yerləşən tabe rayon və şəhər prokurorluqlarının "Elektron sənəd dövriyyəsi"nə mərhələli şəkildə qoşulması, videokonfrans rejimində bütün tabe struktur qurumlarla əlaqələrin yaradılması, "Elektron cinayət" informasiya sisteminin yaradılması üzrə tədbirlərin yekunlaşdırılması və bu sistemin tətbiqinə başlanılması istiqamətində zəruri tapşırıqlar verilib: "Prokurorluq orqanlarının 52 faizini gənc kadrlar təşkil edir. Onlarda 70 nəfəri Baş Prokurorluqda fəaliyyət göstərir".
Şərhlər
Hadisə bölməsinin xəbərləri