İİV-ni tamamilə müalicə edə bilən preparat tapılıb


ABŞ-ın Miçiqan Universitetindən olan amerikalı alimlər İnsanın İmmunçatışmazlığı Virusunu (İİV və ya ingiliscə HIV) potensial olaraq tamamilə müalicə edə biləcək yol tapıblar. Alimlər virusun yoluxmuş orqanizmin immun sistemindən yayınmaq üçün istifadə etdiyi zülalı bloklaya bilən antibiotik sinfini kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalı yazıb.

Virusa “kömək edən” bu zülal Nef zülalıdır. Məhz onun köməyi ilə İİV digər zülalın - MHC-I zülalının fəaliyyətini boğur və bununla da immunitet sisteminin aradan qaldırılması lazım olan yoluxmuş hüceyrələri tanımasına mane olur.

Mikrobial sintez məhsullarının LSI kitabxanasında alimlər Nef zülalını blok edə biləcək pleykomakrolid adlı antibiotik sinfi tapıblar.

Tədqiqatçılar təcrübələri zamanı yoluxmuş hüceyrələri pleykomakrolid konkanamisin A ilə müalicə etdikdən sonra sitotoksik T hüceyrələrinin yoluxmuş hüceyrələri təmizləyə bildiklərini aşkar ediblər.

Alimlər uyğun dərmanlar hazırlamaq üçün araşdırmalarına davam edəcəklər.
Şərhlər
Sosial bölməsinin xəbərləri