Boris Conson pandemiyaların qarşısını almaq üçün planı beynəlxalq ictimaiyyətə təqdim edəcək
- 26.09.2020, 14:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Britaniyanın Baş naziri Boris Conson gələcək pandemiyaların qarşısını almaq üçün beş bəndli planı beynəlxalq ictimaiyyətə təqdim edəcək.
APA-nın Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu gün BMT Baş Assambleyasının 75-ci sessiyasında virtual formatda çıxış edəcək Boris Conson bu plan barədə məlumat verəcək.
Səfirliyin verdiyi məlumata görə ,Britaniyanın hökumət başçısı beynəlxalq tribunadan istifadə edərək dünya ölkələrini COVID-19 pandemiyasına qarşı mübarizə və gələcək pandemiyaların qarşısını almaq üçün birləşməyə, dünya liderlərini fikir ayrılığını kənara qoymağa çağırış edəcək.
Baş nazir Conson BMT Baş Assamleyanın sessiyasındakı çıxışında dünyanı böhrandan çıxarmağa kömək edəcək bir sıra yeni tədbirləri elan edəcək və gələcək pandemiyaların qarşısını almaq üçün iddialı beş maddəlik planı təqdim edəcək.
Boris Consonun təqdim edəcəyi bu plan “Bill və Melinda Gates” Fondu və “The Wellcome Trust” ilə məsləhətləşərək hazırlanıb. Bu plan COVID-19 kimi təhlükəli patogenləri heyvanlardan insanlara keçməzdən əvvəl müəyyənləşdirmək üçün dünya miqyasında bir "zoonotik mərkəz" şəbəkəsi yaratmağı təklif edir.
Planın digər bəndləri isə müalicə və peyvəndlər üçün istehsal gücünün artırılması, pandemiya ilə bağlı erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, səhiyyə böhranları üçün qlobal protokolların razılaşdırılması və ticarət maneələrinin aradan qaldırılmasını əhatə edir.
Britaniyanın Baş naziri eyni zamanda beynəlxalq COVID-19 peyvənd tədarük proqramı olan COVAX-a yeni maliyyə vəsaitinin ayrılacağını elan edəcək. Belə ki, COVAX çərçivəsində hazır olacaq peyvəndə satın alma hüquqlarını təmin etmək üçün Britaniya 71 milyon funt sterlinq ayıracaq. Bununla yanaşı Britaniya dünyanın ən yoxsul 92 ölkəsinin koronavirus peyvəndi alması üçün “COVAX Advance Market Commitment” proqramına 500 milyon funt sterlinq yardım ayıracaq.
Baş nazir çıxışında ölkəsinin növbəti dörd il ərzində Ümumdünya Səhiyyə Təşkilatına 340 milyon funt sterlinq ayrılacağını bəyan edəcək.
Qeyd edək ki, bu rəqəm bundan əvvəlki 4 illik maliyyə vəsaitindən 30 faiz daha çoxdur.
Baş Nazir Boris Conson COVID-19 panedimiyası ilə yanaşı iqlim dəyişikliyi və biomüxtəlifliyinin qorunması istiqamətində addımların atılması ilə bağlı dünyaya çağırış edəcək.