Bu il Azərbaycanda 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib - VİDEO
- 31.07.2013, 22:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini polis general-leytenantı Vilayət Eyvazov 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
O, qeyd edib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enib. Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb.
Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərə çarpan azalma müşahidə edilib. Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-sı ağır və xüsusilə ağır olmaqla 10.955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılıb. Bu işdə vətəndaşların da böyük rolu olub və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstəriblər.
V. Eyvazov bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil edib, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayətin üstü açılıb.
Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə də fəal iş aparılıb, axtarış işinin ümumi göstəricisi 49,8 faiz təşkil edib. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 3,1 faiz, itkin düşənlərin tapılmasının nəticələri 2,9 faiz yaxşılaşmış, yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053 təqsirləndirilən şəxs tutulub. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əskinas, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılıb, 73 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib. Bununla bərabər, 33,5 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 177,6 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanıb, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxsin müəyyənləşdirilərək cəmiyyətə reinteqrasiyası təmin edilib. Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olub və müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11802 cinayət işinin istintaqını aparıb, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37407 məlumat və müraciət araşdırılıb.