"Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində


"Qarabağ" komandası UEFA Avropa Liqasında pley-off oyununu keçirib.

Live.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Baş məşqçi Qurban Qurbanov start heyətində zədəsini yenicə sağaldan futbolçulardan yalnız Abdullah Zubirə yer verib. Mahir Emreli və Xayme Romero isə ehtiyatda qalıb. Pasport problemini həll edərək, Varşavaya sonradan yollanan Donald Gerye isə "18-liy"ə düşməyib.

Oyun əvvəldən sonadək "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Lakin ilk yarıda qol imkanlarından yararlanmaq mümkün olmayıb. Əvəzində Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub.

Beləliklə, "Qarabağ" ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə 6-cı dəfə mübarizə aparacaq.

Qeyd edək ki, püşkatma mərasimi bu gün saat 17:00-da olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri