UBS: Qlobal daşınmaz əmlak bazarları “düzəlişlər mərhələsi”nə hazırlaşır


Koronavirus pandemiyası son 60 ildən çox müddətdə ən böyük qlobal iqtisadi yavaşlamaya səbəb ola bilər, amma dünyanın ən böyük şəhərlərində daşınmaz əmlak qiymətləri artmağa davam edir.

Bu barədə “MarketWatch” yazıb.

“UBS Global Wealth Management”in bununla bağlı hazırladığı hesabata əsasən, hökumətlərin vergi-büdcə dəstək tədbirləri və mərkəzi bankların pul-kredit siyasətləri fonunda dünyanın iri şəhərlərində mənzil qiymətləri ardıcıl dördüncü rübdür artmağa davam edir.

Hesbatda bir sıra şəhərlərdə yüksək ixtisaslı xidmət sahəsi işçisinin 650 kvadrat futluq (60,4 kvadrat metrlik) mənzil almaq üçün nə qədər müddət işləməli olduğuna dair müqayisə var. Belə ki, bu cür daşınmaz əmlak almaq üçün Honkonqda 20 il, Parisdə təxminən 17 il və Nyu-Yorkda təxminən 11 il vaxt lazımdır.

“UBS Global Wealth Management”in daşınmaz əmlak üzrə analitikləri “UBS Global Real Estate Bubble Index 2020” üçün dünyanın ən böyük 25 şəhərindəki mənzil qiymətlərini təhlil ediblər. Tədqiqat müəllifləri koronavirus pandemiyası ilə əlaqəli stimullaşdırıcı tədbirlərin dayandırılması və ev təsərrüfatlarının gəlirlərinin azalması fonunda investorları qlobal daşınmaz əmlak bazarlarında “düzəlişlər mərhələsi”nə hazırlaşmağa çağırıblar.

“İşsizliyin artmasının və ev təsərrüfatları gəlirləri ilə bağlı bədbin proqnozların daşınmaz əmlak qiymətlərinə təsir miqyası hazırda qeyri-müəyyəndir. Ancaq artımdakı mövcud sürətlənmənin davamlı olmadığı aydındır”, - hesabatda deyilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri