Hande Harmancı Azərbaycan xalqına müraciət edib



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycanda mövcud olan münaqişəli vəziyyət COVID-19-un yayılmasının qarşısını almaq üçün bəzi çətinliklər yaradır.

Münaqişə və pandemiya nəticəsində zərər çəkmiş insanların ağrı-acısını bölüşürəm və onlara səbir diləyirəm.

Bu vəziyyətdə özümüzü qorumaq üçün nə edə bilərik? Bu günlərdə bir çox insan qrup halında küçələrə toplaşır və bu, COVID-19-un yayılması üçün risk yaradır.

Mövcud şəraitdə ən azı 1 metr fiziki məsafə saxlamalı və ya maska taxmalıyıq. Əllərimizi tez-tez yumalı, asqıranda və öskürəndə ağzımızı dirsək büküyümüzlə və ya salfetlə bağlamalıyıq.

Aydındır ki, bir yerə toplaşarkən bu qaydalara riayət etmək asan deyil. Lakin bu sadə tədbirlər yoluxmanın qarşısını ala bilər.

Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik. Bu yaxşı bir göstəricidir və bu qazancdan faydalanaraq daha da irəliləyişlər əldə etmək lazımdır.

Gəlin, birlikdə mübarizə aparaq. Özümüzün və sevdiklərimizin sağlamlığı bizdən asılıdır".



Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri