Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə operatorlarını məhkəməyə verəcək

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə operatorlarını məhkəməyə verəcək Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları ölkədə Mobil Nömrələrin Daşınması Sisteminin (Mobile Number Portability) tətbiqini ləngidir. Bu barədə APA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına əsasən, hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sisteminin hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən MNP-nin tətbiqi ləngiyir: «Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb».

Qeyd edək ki, ilk öncə layihənin bu ilin may ayının əvvəlində, daha sonra iyunun əvvəlində, sonradan isə avqustun 1-dən tətbiqi planlaşdırılırdı.

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri