SOCAR: Hədəfimiz “Evro 5” yanacağının istehsalına 2022-ci ildə nail olmaqdır



Pandemiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün layihələrin qrafikinə müəyyən qədər təsir göstərib.

Bunu mediaya SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri ilə bağlı açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, həm yoluxma riskini azaltmaq məqsədi ilə işçilərin iş növbələrinin seyrəldilməsi, həm də ölkələr arasındakı karantin məhdudiyyətlərinə görə xarici mütəxəssislərin gediş-gəlişinin, mal-materialların nəqlinin çətinləşməsi bunun əsas səbəbləridir: “Lakin qrafikdə əsas dəyişikliklər hələ ötən illərdə baş vermişdi. Bildiyiniz kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunun dayandırılması zamanı aparılan araşdırma hələ bir müddət əvvəl göstərdi ki, zavodun daha çox qurğuları tam yeniləri ilə əvəzlənməlidir, bu da layihənin tam bitməsi tarixini 2025-ci ilə qədər uzatmış oldu. Bu haqda ictimaiyyətə müvafiq açıqlama və izahlar da verilib”.

İ. Əhmədov bildirib ki, bütün maneələrə baxmayaraq, hazırkı SOCAR-ın hədəfi “Evro 5” standartına uyğun olan yanacağın istehsalına 2022-ci ildə nail olmaqdır: “Hazırkı mərhələ məhz bundan ibarətdir. Layihənin növbəti və sonuncu mərhələsi isə zavodun emal gücünün illik 6 milyon tondan 7,5 tona qədər artırılması ilə bağlı ola bilər və 2025-ci ilə qədər davam etməsi ehtimal olunur”.

SOCAR rəsmisi qeyd edib ki, lakin növbəti mərhələnin icrası məsələsinə hökumət təkrar baxacaq və baxılandan sonra son mərhələnin həyata keçirilməsi ilə bağlı yekun qərar veriləcək: “Çox güman ki, bu qərar layihənin hazırkı mərhələsinin sona yaxınlaşdığı dövrdə nəzərdən keçirilə bilər”.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri