Elçin Əmirbəyov döyüş meydanında məğlub olan Ermənistanın terrora əl ata biləcəyinə dair xəbərdarlıq edib
- 19.10.2020, 21:06,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“BMT olaraq regionda humanitar vəziyyətin gərginləşməsindən çox narahatıq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, mülki əhalinin ərazini tərk etməli olması, hücumlara məruz qalması bir neçə dəfə onların diqqətinə çatdırılıb: “Siz bizə deyə bilərsinizmi ölkə rəhbərliyi bu cür halların baş verməməsi üçün hansı addımlar atır?”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev buna cavab olaraq bildirib ki, hərbi əməliyyatların Ermənistan tərəfindən başlanıldığı nəzərə alınmalıdır: “Bizim yeganə məqsədimiz Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün də Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamalı oldu. Biz görürük ki, Ermənistan tərəfi indi də Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Azərbaycan şəhərlərinə qarşı “SCUD” raketləri, digər təhlükəli silahlar tətbiq olunur. Açığı, bu bizim üçün bir tərəfdən gözlənilən idi. Çünki biz artıq dəfələrlə şahidi olmuşuq ki, Ermənistan tərəfi cəbhə bölgəsində yerləşən və yaşayan dinc əhaliyə qarşı daim hücumlar həyata keçirir. Təbii ki, hökumət, yerli icra hakimiyyəti orqanları tərəfindən öz yaşayış yerlərini itirən və onları tərk etmək məcburiyyətində qalan insanlara müvəqqəti sığınacaqlar təklif olunur. Biz artıq beynəlxalq qurumlara da müraciət etmişik, BMT ilə də bu məsələyə dair müzakirələr aparırıq. Hazırda bütün lazımi addımlar atılır. Biz hazırda Azərbaycana bu istiqamətdə dəstəyin göstərilməsinə xüsusi ehtiyac duymuruq. Çünki Azərbaycan hökuməti dinc əhalinin yerləşdirilməsi istiqamətində bütün lazımi addımları atır”.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov isə qeyd edib ki, burada söhbət terror təhdidindən gedir: “Bu məsələ çox ciddi qəbul edilməlidir. Çünki döyüş meydanında çətin vəziyyətə düşən düşmən tərəfi artıq ötən əsrin 70-ci, 80-ci illərdə olduğu kimi, ASALA və digər terror qurumları ilə əlaqələr qurur. Onlar xaricdə yerləşən Azərbaycanın diplomatlarına, diplomatik nümayəndəliklərinə qarşı terror aktı həyata keçirə bilər. Biz əvvəllər bunun şahidi olmuşuq. Türk diplomatlarına qarşı hücumlar həyata keçirilib. Hazırda işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfində terror qruplaşmalarının minlərlə nümayəndəsi döyüşür. Söhbət PKK, YPG terror qruplaşmalarından gedir. Biz ümidvarıq ki, Azərbaycanda yerləşən diplomatik qurumlar, nümayəndəliklər, ictimaiyyət bu məsələni ciddiyə alacaq və Azərbaycanın xaricdəki diplomatik missiyalarının təhlükəsizliyi təmin olunacaq. Biz istəməzdik ki, bundan əvvəl baş verən hadisələr təkrarlansın. Ermənistan tərəfinin çarəsizliyi və döyüş meydanında məğlub olması onların müəyyən sərt addımlarına, terrora əl atmasına səbəb ola bilər”.
APA