“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” - ABŞ-ın NATO-dakı səfiri


ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib.

Live.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Hatçison qeyd edib ki, Şimali Atlantika İttifaqı ABŞ və Rusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır.

Səfir ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun münaqişəni ilkin mərhələyə qaytarmaq istədiyini xatırladıb. ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, “bu, həll edilə bilər və o zaman münaqişə sona çatacaq”.

“Hər iki tərəfi şiddəti və qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”,- deyə Hatçison qeyd edib.

Bu problemin 30 ildir ki, irinlədiyini vurğulayan səfirin sözlərinə görə, məsələ hərbi münaqişə ilə həll edilə bilməz, bu, sərhədlər və suverenlik daxilində həll edilməlidir: “Bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni şeydə israr edir”.

Xatırladaq ki, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa etdikdən sonra Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücum əməliyyatına başlayıb.

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirir, sərhəd yaşayış məntəqələrinə top atəşi edir və cəbhədən uzaq şəhərləri orta mənzilli raketlərlə atəşə tutur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri