Azərbaycanın avtomobil bazarında artım dinamikası davam edir
- 01.08.2013, 16:26,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin iyun ayında Azərbaycan avtomobil bazarının dinamikasında nisbi artım müşahidə olunub.
APA-nın məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupunun 2013-cü ilin iyun ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə əsasən, təxminən bir ilə yaxındır ki, təklifin ili köhnə avtomobillər hesabına artım tendensiyası iyun ayında bir qədər də azalıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb. Təklifin azalmasına baxmayaraq, təklifin tələbi üstələməsi hələ də davam edir: «Ay ərzində tələbin artımı və dinamikanın müsbətə doğru dəyişməsi orta qiymətə təsir göstərməyib. İyun ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 1,6% artaraq 16 200 manatdan 16 460 manata qalxıb. Dinamikanın artımı avtomobillərin ekspozisiya müddətinin azalmasına səbəb olub. Ay ərzində avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1,2% azalaraq 40,7 günə enib».
Təkrar avtomobil bazarında araşdırma predmeti olan 15 minə yaxın avtomobilin cəmi 21,4%-i bazara məhz iyunda təklif olunub. Digər 78,6%-i isə əvvəlki aylardan qalan avtomobillərdir: «Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası xeyli azalıb. Uzun illərdir təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payında əvvəlki ayla müqayisədə 1,4% azalma müşahidə edilsə də, bu markanın ümumi portfeldə payı 35% təşkil edib. Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması baş verib. Təklif üzrə ən çox azalma (3,7%) VAZ markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur».
Doqquz markanın təklif üzrə payı 86,7% təşkil edib. Qalan 13,3% isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib.