Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abasov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Obişer, İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox və onun müavini Matias Feldman ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf prespektivləri imkanlarının müzakirəsi olub.
Görüşdə İ.Abasov Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. O, Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin müəyyən töhfəsi olduğunu qeyd edib. Belə ki, ikitərəfli əməkdaşlıq əlaqələrindən danışan nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən 2007-2012-ci illərdə Azərbaycanda həyata keçirilmiş "Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün kəndin inkişafında potensialın artırılması" layihəsinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı İsveçrə hökumətinin də iştirak etdiyini vurğulayıb:
"Layihədən faydalanmış aparıcı fermerlərin əksəriyyəti layihənin dəstəyi olmadan istehsalı davam etdirmək niyyətindədirlər və bəzi fermerlər istixana və açıq sahədə mövcud istehsalı genişləndirməyi planlaşdırırlar. İki ölkə arasında heyvan və bitki mənşəli məhsulların qarşılıqlı ticarətinin asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının yaradılması məqsədilə tərəfimizdən hazırlanmış "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" layihələri aidiyyəti dövlət qurumlarının irad və təklifləri nəzərə alınmaqla işlənib və 2008-ci ilin aprel ayında qarşı tərəfə təqdim olunması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə göndərilib".
İ.Abasov qeyd edib ki, iki ölkə arasında heyvandarlıq məhsullarının qarşlıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılıb.
İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə aşağıdakı təkliflər diqqətə çatdırılıb:
- iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın müqavilə hüquq bazasını yaratmaq məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsveçrənin müvafiq dövlət qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun hazırlanması imkanlarının araşdırılması;
- "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanmasının sürətləndirilməsi;
- İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən məcburi köçkünlər və qaçqınların yaşayış tərzində potensialın artırılmasına yönəldilmiş pilot layihələrin məcburi köçkünlər məskunlaşmış digər rayonların yeni salınmış qəsəbələrində həyata keçirilməsi imkanlarına baxılması;
- Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin İsveçrə Konfederasiyasının müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və aqrar yönümlü universitetlərində magistratura təhsili almaları imkanlarına baxılması;
- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi;
- bitkiçilik məhsullarının istehsalı və toxumçuluq üzrə müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi;
- ölkəmizə İsveçrədən damazlıq südlük və ətlik istiqamətli malın satın alınıb gətirilməsi imkanlarına baxılması;
- bitki mühafizəsi və heyvanların sağlamlığının qorunmasının təşkili sahəsində əməkdaşlıq.
Səfir Paskal Obişer fəaliyyəti dövründə hər iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da öz səylərini əsirgəməyəcəklərini bildirib.