MN: Kəlbəcərə yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir



“Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır: “Artıq əhalinin tərk etmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.

Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq: "Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək".
Şərhlər
Siyasət bölməsinin xəbərləri