Hikmət Hacızadə vəfat edib



Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə vəfat edib.

Bu barədə onun oğlu Adnan Hacızadə özünün "Facebook" səhifəsində yazıb.

“Bu gün atam Hikmət Hacızadə dünyasını dəyişdi. Hikmət bəy insult keçirib. Atam saat 11.30-da Yasamal qəbiristanlığında torpağa tapşırılacaq. Pandemiya ilə əlaqədar olaraq, heç bir yas mərasimləri nəzərdə tutulmayıb. Çox sağ olun”, - deyə o bildirib.

Qeyd edək ki, Hikmət Hacızadə 11 noyabr 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib, 1983-cü ildə Moskvada dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə başlayan milli-azadlıq hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü və AXC-nin "Svoboda" qəzetinin redaktoru olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri vəzifələrində çalışıb. 1993-cü ildən Müsavat Partiyasının bərpaçılarından olub. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, bir neçə kitabın müəllifidir.



APA
Şərhlər
Sosial bölməsinin xəbərləri