Eldar və Nigar yeni evə köçdü




Azərbaycan Televiziyasında yeni layihə start götürüb.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən LİVE.az-a verilən məlumata görə, verilişin aparıcıları “Eurovision-2011”in qalibləri Eldar Qasımov və Nigar Camaldır.

“Evdə Ell & Nikki” adlı layihə Eldar və Nigarın yeni evə köçməsi ilə başlayır. Verilişin məqsədi evlə bağlı vacib məsləhətlər, evdəki problemlərin həlli yolu üçün mütəxəssis rəylərinin tamaşaçılara çatdırılmasıdır. Hər veriliş yeni mövzu qoyulur və həmin mövzuya uyğun qonaqlar dəvət olunur.

Məsələn, ilk buraxılışda yeni evə köçənlərə lazım olan peşə sahibləri ilə söhbətlər aparıldı, onlara əyani məsləhətlər verildi.

Proqramın ilk qonağı isə interyer dizayneri oldu. O, yeni evin interyeri ilə bağlı öz biliklərini bölüşdü. Digər qonaqlar “Fen-şuy” və  dekorativ bitkilər üzrə mütəxəssislər, yükdaşıma və təmizlik işləri görən şirkət nümayəndələri oldu.

Verilişin aparıcılarından biri Eldar Qasımov yeni layihə ilə bağlı öz fikirlərini bölüşüb: “Bu layihə həm mənim, həm də həmkarım Nigar Camal üçün maraqlı gəldi. Veriliş sərbəst dialoqlar əsasında, ev ab-havasında olduğundan onu aparmaq da bizə daha uyğundur”.

1 saatlıq veriliş hər həftənin şənbə və bazar günləri AzTV-də yayımlanacaq.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri