«Standard & Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini «BBB-/A-3» səviyyəsində təsdiqləyib.
APA-nın xəbər verdiyi kimi, bu barədə agentliyin rəsmi məlumatında deyilir.
Məlumata əsasən, reytinq üzrə proqnoz «sabit» kimi təyin edilib. Reytinqlərin təsdiq edilməsi ölkənin stabil maliyyə göstəriciləri və möhkəmlənən netto-kreditor mövqeyini əks etdirir ki, bu da ölkə üçün zəruri olan «təhlükəsizlik yastığı»nı təmin edir.
Agentlik proqnozlaşdırır ki, dövlət xərclərinin yüksək olması səbəbindən 2013-cü ilin yekununda iqtisadi artım 3,8% təşkil edəcək ki, bu da son üç ilin ən yüksək göstəricisi olacaq. Qeyd edilir ki, ilin ikinci yarısında neft sektorunda hasilat səviyyəsi bərpa olunacaq, iqtisadi artım isə yenə də qeyri-neft sektoru hesabına formalaşacaq. Neft hasilatı 2017-ci ilə qədər təxminən eyni səviyyədə qalacaq ki, ondan sonra baş verə biləcək azalmalar qaz hasilatının sürətli artması hesabına örtüləcək.
Məlumatda deyilir ki, ölkənin xeyrinə olan əsas amillər sırasında Dövlət Neft Fondunun iri həcmdə ehtiyatları da var. İyulun əvvəlinə ehtiyatların həcmi 34,7 mlrd. dollara bərabər olub və agentliyin fikrincə, bu göstərici hətta 2013-cü ildə artmasa da, Fondun aktivləri ümumilikdə neftin ucuzlaşacağı təqdirdə hökumətə lazımi dəstək verəcək. Bundan əlavə bildirilir ki, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti cəmi 5,4% təşkil edir ki, bu da kiçik rəqəmdir.
Agentlik reytinq üçün saxlayıcı amil kimi siyasi və geosiyasi riskləri qeyd edir ki, burada ən əsası Ermənistanla davam edən münaqişədir. Eyni zamanda, daxili siyasi vəziyyətə gəlincə agentlik bildirir ki, hökumət legitimliyini yüksək səviyyədə saxlayır və bu, həyat səviyyəsinin yaxşılaşması fonunda baş verir.
Məlumatda deyilir ki, xarici aktivlərin artımı makroiqtisadi mühitin yaxşılaşması, struktur islahatları və iqtisadiyyatın diversifikasiyası, monetar və bank sistemlərinin gücləndirilməsi ilə dəstəklənərsə, reytinq artırıla bilər. Eyni zamanda, Azərbaycanın maliyyə mövqeləri pisləşərsə, gözlənilməz qeosiyasi gərginlik baş verərsə reytinq azaldıla bilər.