Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb




Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ümumi uzunluğu 28,5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılıb.

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 km-lik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb. Yeni asfalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kv.m-dən çoxdur.

“Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq”-deyə qurumun açıqlamasında deyilir.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.



Şərhlər
Sosial bölməsinin xəbərləri