Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında video-çarx hazırlanıb
Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım video-çarxı hazırlayıb.
LIVE.az-ın məlumatına görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev tvitter sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə o, qeyd edib.
Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən Azərbaycan Albaniyası dünya əhəmiyyətli nümunələrindən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid edilən Kəlbəcər rayonunda dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunur.
Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim edib.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
///
Şuşanın gəzməli-görməli yerləri haqqında video-çarx hazırlanıb
Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunmuşdu.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
///
Zəngilanın rayonunun gəzməli-görməli yerləri haqqında video-çarx hazırlanıb
Çarxda Zəngilanın səfalı yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adlı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.
///
Qubadlının gəzməli-görməli yerləri haqqında video-çarx hazırlanıb
Çarxda Qubadlının gəzməli-görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.