Qitələri birləşdirən növbəti qatar Bakı limanına çatıb
- 26.12.2020, 14:12,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı bu gün Bakı Limanına çatıb.
Bakı Limanında yükün boşaldılaraq “Beke Ata” fider gəmisinə yüklənməsi 6 saat vaxt aparıb və gecikmədən, operativ şəkidə həyata keçirilib. Yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir və 1 400 ədəd soyuducu daşıyır.
Ümumilikdə 8 693 kilometr yol qət edəcək yük qatarı Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edərək, Axalkalaki stansiyasından ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşulub.
Qeyd olunan qatar Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə hərəkət edərək Xəzər dənizi üzərindən Qazaxıstana, oradan isə Çinin Sian şəhərinə yollanacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə, Türkiyə Dövlət Dəmir Yollarının dəstəyi ilə İstanbuldan Siana yola salınan ikinci ixrac qatarının da operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Bu qatar da ilk qatar kimi Bakı Limanından Aktau limanına operatoru “ADY Konteyner” şirkəti olan, “Kazmortransflot”a məxsus “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılacaq.
Layihəni “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Türkiyə Dəmir Yollları, Gürcüstan Dəmir Yolları, Qazaxıstan Dəmir Yollarının “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində uğurlu əməkdaşlığının nəticəsi hesab etmək olar.
Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 10 dekabr tarixində çatıb, yüklər 6-7 saat ərzində “Beket Ata” fider gəmisinə yükləndikdən sonra Qazaxıstanın Aktau limanına yola düşüb. Əlavə olaraq qeyd edək ki, bu il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzər dənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12 672 TEU konteyner daşınıb, 2021-ci ildən başlayaraq isə qatarlar bu istiqamət üzrə ayda iki dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcək.