Coğrafiya İnstitutu: Xəzərin səviyyəsinin enməsi ilə əlaqədar Kürdili adası və Sara yarımadasının sahələri sürətlə genişlənməkdədir


“Vaxtilə Qızılagac körfəzinə tökülən çayların (onların sayı 10-dan çox olub) suyundan təsərrüfat məqsədləri üçün istifadə olunması və körfəzin kəskin çəkilməsi şirin su ehtiyatlarına ciddi zərər vurub”.

Live.az-ın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun illik hesabatında yer alıb. Bildirilib ki, hazırda Qumbaşı və Boladi çaylarından başqa heç bir çay körfəzə çatmır.

“Qızılağac körfəzi və müvafiq qoruq ərazisində hidrometeoroloji müşahidə şəbəkəsi seyrək olduğundan ərazinin iqlimini xarakterizə edən elementlər ətraflı öyrənilməyib. Bizim tədqiqatda körfəzin iqlim xarakteristikalarını qiymətləndirmək məqsədilə ilk dəfə olaraq reanaliz məlumatlarından (GİOVANNİ və NCEP) istifadə olunub. Körfəz üzərində ən aşağı orta illik temperatur 1969-cu ildə (14.90C) və ən yuxarı isə 1995-ci ildə qeydə alınıb (18.20C). Keçən əsrin 70-ci illərinə qədər temperaturun kəskin azalması, sonra isə kiçik fasilələr istisna olmaqla, əsasən artıb. 1991-2019-cu illər dövründə havanın temperaturu normaya (1961-2019) nisbətən 0,6 dərəcə artıb. Ən böyük artım avqust ayında (1,30C), ən böyük azalma isə noyabr ayında qeydə alınıb (-0,40C). Ən isti aylar iyul və avqust (28,0-28,10C), ən soyuq ay isə yanvardır (5,90C)”.

Qeyd olunub ki, son 100 ildə (1920-2020) Xəzər dənizinin səviyyəsi müxtəlif dəyişkənliklərə məruz qalmaqla dünya okean səviyyəsindən 26 metrdən 28 metrədək aşağı enib.

“1978-1995-ci ildə səviyyənin 2,5 metr yüksəlməsi baş versə də, sonradan hal-hazıradək Xəzərin səviyyəsi yenə də oz enmə dövrünü yaşayır. Hazırda səviyyə -27,8 m (2019) təşkil edir. Xəzər dənizi səviyyəsinin bu dəyiskənliyi Cənubi Xəzərin qərbində yerləşən Qızılagac körfəzinə də öz təsirini göstərib. Sara yarımadası Qızılagac körfəzini Böyük və Kiçik körfəzə ayırır. Böyük körfəz cənubdan dənizlə əlaqəlidir. Kiçik körfəzin dənizlə əlaqəsi damba vasitəsi ilə tam kəsilib. Böyük körfəz şərqdən cənubi qərbə uzanan Kürdili adası ilə dənizdən ayrılır. Qərbdən Sara yarımadası, şimaldan Səlyan düzü ilə əhatə olunub. Böyük körfəzin uzunlugu 28 km, eni 20 km, sahəsi 500 km2, dərinliyi 2 m-ə qədər, sahil xəttinin uzunluğu 100 km civarındadır. Hazırda dənizin səviyyəsinin enməkdə davam etməsi ilə əlaqədar Kürdili adası və Sara yarımadasının sahələri sürətlə genişlənməkdədir. Körfəzlərin sahələri isə, əksinə, azalmaqdadır . Böyük Qızılağac körfəzində səviyyə dənizin səviyyəsi ilə eyni olur”.
Şərhlər
Sosial bölməsinin xəbərləri