Epidemik proses tez bir vaxtda başa çata bilər - AÇIQLAMA



Artıq dünyanın bir sıra ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Həmin tədbirin yaxın zamanda Azərbaycanda da tətbiq olunacağı gözlənilir. Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub.

LİVE.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq: “Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar ilk növbədə əsasən tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur”.

Onun dediyinə görə, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir: “Bunlara xroniki ürək-damar, tənəffüs sisteminin, endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər”.

Vaksinlər öldürülmüş və zəiflədilmiş mikroorqanizmləri, yaxud onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiyanın aparılmasının məqsədi əhali arasında kollektiv immunitetin yaranmasına nail olmaqdır. İstər təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan immunitet əhalinin çox hissəsini təşkil edərsə, epidemik proses tez bir vaxtda başa çata bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri