Yunanıstanın neft-qaz şirkəti ölkənin qaz nəqli sistemini ARDNŞ tərəfindən alınmasını bəyənib
- 03.08.2013, 09:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yunanıstanın “Hellenic Petroleum” neft-qaz şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Yunanıstanın qaz nəqli sisteminin operatoru olan “DESFA” şirkətinin səhmlərinin böyük hissəsini əldə etməsini bəyənib.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin açıqlamasında bildirilir.
Açıqlamada qeyd olunub ki, “Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası “DESFA” şirkətinin səhmlərinin 66%-nə görə ARDNŞ-in 400 milyon avro məbləğində vəsait təklifini daha faydalı hesab edərək qəbul edib. “DESFA” şirkətinin səhmlərinin 35%-i “Hellenic Petroleum”a, 31%-i isə avqustun 2-də sövdələşməyə razılıq vermiş Yunanıstanın Dövlət Özəlləşdirmə Fonduna məxsusdur.
“Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası bildirib ki, məsələ ilə şirkətin yekun qərarı səhmdarların sentyabrın 2-də keçiriləcək fövqəladə toplantısında veriləcək. “Səhmlərin satışına səlahiyyətli milli və Avropanın nizamlayıcı instansiyaları da razılıq verməlidir”, deyə “Hellenic Petroleum” şirkətinin açıqlamasında qeyd olunub.
Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu, öz növbəsində, avqustun 2-də bəyan edib ki, ölkənin iqtisadiyyatına həlledici tövhə verəcək “ARDNŞ-ı Yunanıstan bazarında çox ciddi və strateji tərəfdaş kimi böyük məmnuniyyətlə qəbul edir”. Dövlət Özəlləşdirmə Fondu hesab edir ki, “bu gələcəkdə nəinki yunan istehlakçıları, həm də Yunanıstan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi üçün böyük faydalar gətirəcək”.
Qeyd edək ki, ARDNŞ-dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkətlər qrupu və “PPF-Terna” müştərək yunan-çex şirkəti iddia edib. Lakin 2013-cü ilin iyununda qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməkdən imtina edib.