Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı


Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, İCESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik”.

Nazir daha sonra “Nizami ili” ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: “İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri “Nizami ili” ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər”.

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri