DİM sədri: "Buraxılış və qəbul imtahanı proqramları sadələşdirilib, çətin mövzular çıxarılıb"


"2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

“Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur (DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.

Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb”.
Şərhlər
Sosial bölməsinin xəbərləri